AccessBank 2011-ci ildə öz uğurlu inkişafını davam etdirib

Bakı, 23 yanvar 2012-ci il AccessBank 2011-ci il ərzində özünün bazardakı mövqeyinin inkişafı və möhkəmləndirilməsi istiqamətində böyük işlər görərək ili uğurla başa çatdırıb. 9 illik fəaliyyəti ərzində bank bir çox fəaliyyət istiqamətləri üzrə ölkədə əhəmiyyətli mövqe tutub. Belə ki, 2011-ci il ərzində bankın aktivləri 6% artaraq 380 milyon manatdan çox olub, bankın kredit portfeli isə 11% artaraq təxminən 300 milyon manatlıq həddə çatıb. O cümlədən, bankın istehlak kreditləri təxminən 25 milyon manata çatıb və bu zaman artım 48% təşkil edib. Bankın depozitləri 17% artaraq 145 milyon manatlıq həddi ötüb. Amma bank üçün ən əhəmiyyətli nəticə ondan ibarətdir ki, bank portfelin keyfiyyətini yüksək səviyyədə saxlamaqda davam edir: 2011-ci ilin sonuna 30 gündən artıq gecikdirilmiş kreditlərin payı bütünlüklə portfel üzrə 0,76% olub !

Həmçinin, AccessBank-ın nizamnamə kapitalında da dəyişikliklər baş verib – 62,2% artaraq 67,8 milyon manat təşkil edib. Qeyd edək ki, nizamnamə kapitalı, ötən ilin nəticələrinə görə bankın bölüşdürülməmiş mənfəəti hesabına artırılıb.

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky ilin yekunlarını şərh edərək deyib: “Azərbaycanın bank sektorunda rəqabətin artmasına baxmayaraq, AccessBank kiçik və orta biznes üçün aparıcı bank mövqeyini qoruyub saxlamaqla bərabər, artmaqda və portfelin keyfiyyətini yüksək səviyyədə saxlamaqda davam edir”.

AccessBank-ın müxtəlif beynəlxalq təşkilatlardan aldığı mükafatların sayı ildən ilə artır. Belə ki, ötən il Global Finance və Euromoney nəşrləri AccessBank-ı Azərbaycanın ən yaxşı bankı elan edib, The Banker nəşri isə AccessBank-ı “İlin bankı” adına layiq görüb. Bundan əlavə, 2011-ci ilin baharında Fitch reytinq agentliyi növbəti dəfə bankın reytinqini BB+ “sabit” proqnozu səviyyəsində təsdiqləyib – hal-hazırda bu, Azərbaycan bankları arasında ən yüksək göstəricidir. Həmçinin, ötən il ərzində bank özünün növbəti regional filialını açıb və 315 yeni əməkdaş işə qəbul olunub.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.