“AccessBank”ın
kredit portfeli 200 milyonu ötdü
AccessBank 2008-ci ilin nəticələrini elan etdi.
Bakı, 26 yanvar 2009-cu il. “AccessBank”ın
artım dinamikası, bank xidmətləri bazarının orta inkişaf
tempini qat-qat üstələyir. Fəaliyyətinin 6-cı ilinin
nəticələrinə əsasən, dünya maliyyə sektorundakı mürəkkəb
vəziyyətə baxmayaraq, AccessBank bir çox fəaliyyət
istiqamətlərinə görə ölkədə əhəmiyyətli mövqe tutub.
İl ərzində “AccessBank”ın aktivləri 81% artaraq
241 milyon ABŞ dollarına çatıb. 2008-ci ilin yekunlarına
görə, AccessBank kreditləşmə sahəsindəki liderlərdən
biridir – belə ki, bankın kredit portfeli 84% artaraq
200 milyonu ötüb, depozit portfeli isə 91% artıb.
Bankdan kredit alan müştərilərimizin sayı da 50% artıb
– 2007-ci ilin sonunda onların sayı 46 000 nəfər olduğu
təqdirdə, indi bu göstərici 70 000 nəfər təşkil edir.
Ümumi kapital iki dəfə - 26,4 milyon ABŞ dollarından
54,5 milyon ABŞ dollarınadək artıb. Ümumi mənfəət
isə il ərzində 13 milyon ABŞ dollarınadək yüksəlib.
Bundan əlavə, 2008-ci il ərzində 6 filial açılıb
və 200-dən artıq əməkdaş “AccessBank”da işə qəbul
olunub. Həmçinin, əlamətdar hadisələr ondan ibarətdir
ki, 2008-ci ilin fevral ayında nəinki AccessBank,
həmçinin bütün Azərbaycan üçün beynəlxalq bazarda
ilk Bond buraxılıb və Fitch reytinq agentliyi tərəfindən
AccessBank, Azərbaycanın özəl bankları arasında ən
yüksək BB+ reytinqinə layiq görülüb. 2008-ci il, həmçinin,
Bankın adının Azərbaycan Mikromaliyyələşdirmə Bankından
dəyişlərək AccessBank olması ilə əlamətdar oldu.
“AccessBank”ın Baş Meneceri Endryu Pospilovski ötən
ilin yekunlarını şərh edərək bildirib: «Maliyyə dünyasında
vəziyyətin mürəkkəb olmasına baxmayaraq, 2008-ci il
AccessBank üçün çox uğurlu oldu və bankın uğurları
günbəgün artır. Hər ay biz bütün ölkə üzrə 4 000-dən
artıq sahibkara yeni kreditlər verirdik və 2008-ci
il “AccessBank”a, özünün ən etibarlı tərəfdaş olduğunu
müştərilərə sübut etmək üçün imkan yaratdı».