| AccessBank-ın
depozit portfeli 90% artıb
AccessBank 2009-cu ilin birinci yarımilliyi üzrə
nəticələri dərc edib.
Bakı, 20 iyul 2009-cu il.
2009-cu ilin birinci yarımilliyinin nəticələrinə əsasən,
AccessBank-ın fəaliyyətinin daha da inkişaf etdiyi nəzərə
çarpır.
Bankın aktivləri 6 ay ərzində 22%
artaraq 30 iyun tarixinə 296 milyon ABŞ dolları təşkil
edib. AccessBank kreditləşmə üzrə liderlər siyahısındadır
və hər gün öz mövqeyini möhkəmləndirir – hal-hazırda
bankın kredit portfeli 241 milyon ABŞ dolları, 6 ay
ərzində artım isə 18% təşkil edir.
Depozit portfeli isə xüsusi əhəmiyyət
kəsb edir – ilin əvvəlindən başlayaraq portfel 90% artıb.
Portfelin bu səviyyədə artması depozit bazarında ümumi
durğunluq şəraitində baş verib və Azərbaycan əhalisinin
AccessBank-a olan etimadını bir daha nümayiş etdirib.
AccessBank İdarə Heyəti Sədrinin Müavini,
Əməliyyat Meneceri Anar Həsənov, yarımilliyin nəticələrini
şərh edərək deyib: «Bankın son 6 ay ərzində göstərdiyi
nəticələri təhlil edərkən, bazarda bizim bankı əlverişli
şəkildə önə çıxaran bir neçə amili qeyd etmək lazımdır.
Bunlar, ilk növbədə, kredit portfelinin yüksək keyfiyyətinin
qorunub saxlanması, bizim bütün debitorlarımızı daimi
maliyyələşdirmək imkanı, depozit portfelinin əhəmiyyətli
dərəcədə artması və bunun mükəmməl artım sürətini nümayiş
etdirməsi, ölkə əhalisinin bütün təbəqələrinin tələbatlarının
ödənilməsinə yönəldilmiş yeni məhsulların uğurla tətbiq
olunması, eləcə də filial şəbəkəsinin genişləndirilməsi
və işçi heyətinin sayının artırılması istiqamətində
bankın daimi fəaliyyəti və bunun sayəsində bizim öz
potensial müştərilərimizə daha yaxın olmağımıza şərait
yaradılmasıdır. Əldə olunmuş nəticələr bizim yaxın gələcəyə
daha da nikbinliklə baxmağımıza imkan verir və müştərilərimiz
əmin ola bilərlər ki, göstərdiyimiz xidmətlərin keyfiyyətinin
daha da yüksəldilməsi istiqamətində bankın gördüyü işlər
hər bir hesabat dövründə daha da təkmilləşdiriləcək».
Bundan əlavə, cari ilin əvvəlindən
etibarən 2 yeni filial açılıb və 150 nəfərdən artıq
yeni əməkdaş işə qəbul olunub. Həmçinin, əlamətdar haldır
ki, 2009-cu ilin aprel ayında Azərbaycanın özəl bankları
arasında ən yüksək reytinqin (BB+) məhz AccessBank-а
məxsus olması Fitch reytinq agentliyi tərəfindən növbəti
dəfə təsdiqlənib. Bundan əlavə, Londonda keçirilən və
maliyyə sektorunun problemlərinin müzakirə olunması
məqsədi ilə bütün dünyanın maliyyə liderlərinin iştirak
etdiyi «2009 Financial Times Sustainable Banking» konfransında
dünya şöhrətli «Financial Times» qəzeti AccessBank-ın
ən sabit banklardan biri olduğunu təsdiqləyib.
|