| AccessBank-ın Mikro kreditlər üzrə rekordu
Avqust ayında AccessBank 20 milyon ABŞ dollarından artıq məbləğdə mikrokredit verib – bu, yeni rekorddur.
AccessBank avqust ayında verdiyi mikro kreditlərin həcminə görə rekord göstəricilərə imza atıb. Verilmiş mikro kreditlərin həcmi 20 milyon ABŞ dollarını ötüb, sayı isə 6 844 təşkil edib. Bu cür yüksək göstəricilər sayəsində Bankın mikro kredit portfeli 130 milyon ABŞ dolları və 65,000 kredit həddini ötüb.
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski, yeni nailiyyətlərin əldə olunmasını təqdir edərək bildirib: “Maliyyə bazarındakı vəziyyətin mürəkkəb olmasına baxmayaraq, AccessBank azərbaycanlı sahibkarlar üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edib. Biz gündən-günə öz fəaliyyətimizi genişləndiririk. Bunun sübutu olaraq, ötən ay biz, 2008-ci ilin avqust ayı ilə müqayisədə təxminən iki dəfə çox mikro sahibkarı maliyyələşdirmişik.”
İlin əvvəlindən başlayaraq, bankın mikrokredit portfelinin artımı 40 milyon ABŞ dolları təşkil edib ki, bu da 40%-dən artıqdır, portfeldəki kreditlərin sayı isə 20 minə çatıb, yəni 43% artıb. AccessBank, bankın filiallarının fəaliyyət göstərdiyi regionlarda sahibkarların maliyyə mənbəyindən korluq çəkməməsi üçün əlindən gələni əsirgəmir. Bu nəticələr isə bankın öz məqsədlərinə nail olduğunu göstərir.
|