AccessBank Milli futbolun sponsoru oldu
AccessBank AFFA-nın və Azərbaycan Milli futbol yığma komandalarının sponsoru oldu.
AccessBank Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sponsorluq və əməkdaşlıq barədə müqavilə imzaladı. Bu müqaviləni imzalamaqla AccessBank, Azərbaycan milli futbol yığmasının, qadın yığma komandasının, futzal yığma komandasının, Azərbaycan çimərlik futbol yığmasının, eləcə də gənc yığma komandalarının (U-15,U-16,U-17,U-19,U-21) 4 il müddətinə rəsmi sponsoru oldu. AccessBank AFFA-nın bütün Azərbaycan məktəblərində, xüsusilə də uşaqlar arasında, futbolun inkişafına istiqamətlənmiş dəyərli fəaliyyətini dəstəkləyir və bu məqsədə nail olmaq üçün AFFA ilə əməkdaşlıq etməyə hazırdır.
AFFA-nın Baş Katibi Elxan Məmmədov bu razılaşmanı şərh edərək qeyd etdi: “AFFA ilə AccesBank arasında sponsorluq və əməkdaşlıq müqaviləsinin imzalanması təqdirəlayiq hadisədir, çünki AccesBank ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu banklardan biridir. AccesBank-ın AFFA ilə əməkdaşlığı təkcə maddi baxımdan deyil, eləcə də, futbolun kütləviliyinin artırılması baxımından xüsusi rol oynayacaq. Belə ki, əməkdaşlığımız sayəsində ölkəmizdə futbolun bütün kateqoriyalar üzrə inkişafı naminə müxtəlif tədbirlər həyata keçirəcəyimizə əminəm”.
AccessBank-ın Baş Meneceri Andrü Pospilovski dedi:“AccessBank Azərbaycanın inkişaf etdirilməsi məqsədi ilə təsis olunub. Hazırda biz, kiçik sahibkarlığın və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verməkdə davam edirik. Biz, xeyli məmnunuq ki, artıq Azərbaycan futbolunun inkişafına – idman və sağlam həyat tərzinin inkişafına da kömək edə biləcəyik. AFFA ilə bu müqaviləni imzalamaqla biz gələcəkdə bir sıra zirvələri fəth edəcəyimizə əminik”. |