AccessBank öz 25-ci filialını açdı
AccessBank Göyçay şəhərində növbəti regional filialını açdı.
AccessBank Göyçay şəhərində öz yeni filialını açdı. Bu filialın açılması ilə filial şəbəkəsinin daha da genişlənməsi və AccessBank-ın filiallarının sayının 25-ə çatması ilə bərabər, məhz regional filial şəbəkəsi genişlənib. AccessBank-ın filial şəbəkəsi ilbəil daha çox regionu əhatə edir. Bununla bank, paytaxtdan kənarda yaşayan əhali üçün bank məhsullarından istifadə imkanı yaradır, ən əsası isə, regionlarda biznesin inkişafına yardım göstərir. Bu, təsisçilərin bankın qarşısına qoyduğu ən ümdə məqsədlərdən biridir.
Filialda həm fiziki, həm də hüquqi şəxs olan müştərilər üçün tam çeşidli xidmətlər göstərilir – bu xidmətlərə beynəlxalq pulköçürmə sistemləri, hesabların və depozitlərin açılması, VİSA plastik kartları, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir.
Filialın rəhbəri vəzifəsinə AccessBank-ın təcrübəli mütəxəssisi, Azərbaycan Milli Bankında attestasiyadan müvəffəqiyyətlə keçmiş Fuad Süleymanov təyin olunub.
AccessBank Baş Meneceri Andrü Pospilovski yeni filialın açılmasını təqdir edərək bildirib: “AccessBank indiyədək Göyçayda 500-dən artıq sahibkarlıq və kənd təsərrüfatı faəliyyətini özünün “Mingəçevir” filialı vasitəsi ilə maliyyələşdirirdi. Yeni filialın açılışı, həm mövcud müştərilərə yeni filialda maliyyə xidmətlərindən rahatlıqla istifadə etmək, həm də bizim Göyçayda daha geniş müştəri kütləsinə xidmət göstərməyimiz üçün imkan yaradacaq”. |