AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
4 Noyabr 2025
Bu il iştirak üçün 300-ə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına əsasən 50 nəfər iştirakçı layihəyə qoşulub. Onlar biznes idarəçiliyi, liderlik, satış strategiyaları, marketinq kommunikasiyaları və hüquqi tələblər üzrə biliklərini artıracaqlar. Təlimləri təcrübəli yerli ekspertlər aparır.
Layihənin əsas məqsədi qadın sahibkarların biznes ekosistemində rolunu gücləndirmək, dayanıqlı biznes modelləri qurmaq bacarığını inkişaf etdirmək və qadın liderliyini təşviq etməkdir. “Access2Success” qadınların iqtisadi müstəqilliyinə və ölkənin inklüziv inkişafına töhfə verir.
“AccessBank artıq 23 ildir ki, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Qadın sahibkarlığın təşviqi isə bu istiqamətdə əsas prioritetlərimizdəndir. Hazırda biznes portfelimizin təxminən 20%-i qadınlar tərəfindən idarə olunan bizneslərdən ibarətdir. “Access2Success” layihəsinin dördüncü dəfə həyata keçirilməsi bu sahədəki strateji öhdəliyimizin davamıdır. Layihə qadınlara bilik və bacarıqlarını inkişaf etdirmək, biznesdə və iqtisadiyyatda daha aktiv rol almaq imkanı yaradır”, – deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
“Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AYİB-in əsas prioritetlərindəndir. Biz bu istiqamətdə maliyyə həlləri ilə yanaşı, fərdi məsləhət və təlimlər də təklif edirik. AYİB-in Kiçik Bizneslər üçün Məsləhət Proqramı (Advice for Small Businesses) şirkətlərin rəqabət qabiliyyətini və innovasiyaya açıq olmasını gücləndirir. Qadın sahibkarları bilik, maliyyə və şəbəkə imkanları ilə dəstəkləyən “Qadınlar Biznesdə” (Women in Business) təşəbbüsümüzlə qürur duyuruq. AccessBank ilə birgə keçirilən təlimlər bu öhdəliyimizin bariz nümunəsidir. Avropa İttifaqına dəstəyə və maliyyələşdirməyə görə təşəkkür edirik,” – deyə Assosiasiya Direktoru, AYİB-in Qafqazda Maliyyə İnstitutları üzrə Biznes Rəhbər Mixail Qreçixo qeyd edib.
“Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək 160-dan çox qadın sahibkar proqramda iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən qadınlar layihə çərçivəsində altı həftəlik intensiv təlimlərdə praktik biliklər qazanıblar.
Paylaşmaq