AccessBank İsveçrənin responsAbility İnvestment AG şirkətindən 10 milyon dollar kredit cəlb edib

15 Dekabr 2025
Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi sahəsində aparıcı kredit təşkilatlarından biri olan və 250 000-dən çox müştəriyə xidmət göstərən AccessBank, responsAbility Investment AG ilə əməkdaşlığını genişləndirərək, üç il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Kredit responsAbility tərəfindən idarə olunan iki maliyyə inklüzivliyi fondu vasitəsilə maliyyələşdirilib.

Bu kreditləşmə AccessBank-ın cari il ərzində ümumi borclanma həcmini 22,5 milyon ABŞ dollarına çatdırır və əvvəlki maliyyə vəsaitlərinin uğurla təkrar kreditləşdirilməsindən sonra Bank ilə responsAbility arasında əməkdaşlığın daha da möhkəmləndiyini göstərir. Bu, həmçinin responsAbility-nin AccessBank-a davamlı etimadının bariz göstəricisidir.

Cəlb olunan vəsaitlər Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinə, o cümlədən Bankın əsas prioritetlərindən biri olan mikrokreditlərin maliyyələşdirilməsinə sərf olunacaq.

responsAbility dünyada impact-investisiyalar sahəsində aktivlərin idarə edilməsi və inkişaf yönümlü investisiya şirkətləri arasında aparıcı qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf edən və yüksələn bazarlara yönəlmiş biznes modellərinə malik özəl şirkətləri hədəfləyən xüsusi borc və kapital yerləşdirmələri təklif edən müxtəlif investisiya alətlərini idarə edir.

2003-cü ildə təsis olunduğu gündən responsAbility 17,1 milyard ABŞ dollarından artıq təsir yönümlü investisiya həyata keçirib. 30 sentyabr 2025-ci il tarixinə şirkət 5,4 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin altı ofisdə 280-dən çox əməkdaşı var və portfeli təxminən 70 ölkədə fəaliyyət göstərən 330-a yaxın şirkəti əhatə edir.
Paylaşmaq