AccessBank VİSA ilə növbəti kobrend filialını Xankəndidə açdı

10 Dekabr 2025
AccessBank Azərbaycanın regionlarında fəaliyyət dairəsini genişləndirməyə davam edir. Bank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa ilə birgə Xankəndi şəhərində növbəti kobrend filialının açılışını elan edir. Bu açılış, AccessBank-ın 2025-ci il üçün nəzərdə tutulmuş Regionlarda İnkişaf Planının tam icra olunması və ölkə üzrə xidmət şəbəkəsinin daha da genişlənməsi baxımından mühüm mərhələ oldu.

Yeni filialın fəaliyyətə başlaması ilə AccessBank-ın filiallarının ümumi sayı 38-ə çatdı və bankın xidmət coğrafiyası 24 bölgəni əhatə etdi. Qarabağın ölkə iqtisadiyyatına inteqrasiya olunduğu bu mərhələdə bankın əsas məqsədi - regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılmasına töhfə və maliyyə xidmətlərinin daha əlçatan olmasıdır.

Açılış mərasimində AccessBank-ın İdarə heyətinin sədri Davit Tsiklauri və rəhbər heyəti ilə yanaşı, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak etdilər.

Yeni kobrend filialının əsas üstünlüklərindən biri də Visa ilə tərəfdaşlığın yaratdığı üstünlük və imkanlardır. Buraya müasir ödəniş texnologiyaları, sürətli tranzaksiyalar və təhlükəsiz ödəniş infrastrukturunun tətbiqi daxildir. Bu, Qarabağda həm bizneslərin, həm də fərdi müştərilərin rəqəmsal ödəniş imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.

Bundan əlavə, filial ərazisində yaradılan pulsuz internet guşəsi bölgədəki vətəndaşların rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu imkan həm bank müştərlərinin, həm də yaxınlıqda yaşayan sakinlərin internetə ehtiyac duyduqları zaman fasiləsiz istifadə imkanı yaradır.

AccessBank gələcəkdə də Qarabağ bölgəsində xidmət şəbəkəsini genişləndirməyi, yeni layihələr həyata keçirməyi və iqtisadi dirçəliş prosesinə aktiv dəstək olmağı planlaşdırır.
Paylaşmaq