AccessBank yenilənmiş Binəqədi filialında biznes xidmətlərini genişləndirir

27 Aprel 2026
AccessBank xidmət şəbəkəsinin modernləşdirilməsi və müştərilərə yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirərək, Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi.

Filial Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani-Axundov küçəsində yerləşir və artıq müştərilərə yeni yanaşma ilə xidmət göstərir. Filialda fiziki şəxslər üçün istehlak kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri və valyuta mübadiləsi kimi ənənəvi bank xidmətləri təqdim olunmağa davam edir.

Yenilənmiş konsepsiyanın əsas xüsusiyyəti isə filialın biznes yönümlü xidmət modelinə keçməsidir. Binəqədi filialında artıq biznes müştərilərinə xüsusi diqqət ayrılır və onlar üçün ayrıca xidmət bölməsi fəaliyyət göstərir. Bu çərçivədə mikro və aqro bizneslə məşğul olan sahibkarlar üçün kredit müraciətlərinin qəbulu, qiymətləndirilməsi və rəsmiləşdirilməsi prosesi birbaşa filialda həyata keçirilir.

Yeni konsept əsasında təmir olunaraq istifadəyə verilmiş filial, müştərilər üçün daha funksional və rahat xidmət mühiti yaratmaqla yanaşı, biznes sahiblərinə daha sürətli və səmərəli bank xidmətlərinə çıxış imkanı təqdim edir. Bu yanaşma AccessBank-ın xüsusilə mikro və aqro sahibkarlığın inkişafına verdiyi dəstəyin daha da gücləndirilməsinə xidmət edir.
Paylaşmaq