AccessBank və EBRD Azərbaycanda özəl sektorun inkişafını dəstəkləmək məqsədilə strateji tərəfdaşlıqlarını davam etdirirlər
24 Dekabr 2025
Müqavilə şərtlərinə əsasən, AccessBank AzVirt şirkətinə iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsini dəstəkləmək məqsədilə 5 milyon avro məbləğində kredit təqdim edəcək.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib: "Risklərin Bölgüsü Proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə məhsuldar əməkdaşlığımızın davam etməsindən məmnunuq. AYİB-ə Azərbaycanda özəl sahibkarlığı dəstəkləyən yüksək keyfiyyətli və uzunmüddətli tərəfdaşlığa görə təşəkkür edirik. Biz əminik ki, bu əməkdaşlıq və risklərin paylaşılması mexanizmi AzVirt kimi tərəfdaşlarımızın bizneslərini genişləndirmək üçün əlavə imkanlar yaradacaq və yalnız bu şirkətin deyil, ümumilikdə sektorun inkişafına müsbət təsir göstərəcəkdir.”
AYİB-nin Azərbaycandakı rəhbəri Natali Mouravidze AzVirt və AccessBank-ı bu vacib müqavilənin tamamlanması münasibəti ilə təbrik edərək bildirib: "AYİB-in Risklərin Paylaşılması Proqramının Azərbaycanda daha da genişləndiyini görməkdən məmnunam. Tərəfdaş bankımızın bu mexanizmi real iqtisadiyyata xidmət etmək məqsədilə uğurla tətbiq etdiyini görürük. Riskləri bölüşərək və özəl sektorun etibarlı müştərilərini dəstəkləyərək biz Azərbaycanda davamlı və uzunmüddətli iqtisadi artımı dəstəkləyirik.”
Risklərin Bölgüsü Proqramı hər iki tərəfin layihələrin maliyyələşdirilməsində bərabər iştirakını, yəni 50/50 risk bölgüsünü nəzərdə tutur. Bu mexanizm Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün mühüm alət hesab olunur, çünki AzVirt kimi şirkətlərə öz fəaliyyətlərini genişləndirmək, innovativ texnologiyaları tətbiq etmək və yeni iş yerləri yaratmaq üçün lazım olan maliyyəyə çıxış imkanı təmin edir.
AccessBank, AYİB və AzVirt arasında bu əməkdaşlıq özəl sektorun dəstəklənməsi və Azərbaycandakı bizneslər üçün maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində strateji yanaşmanın effektiv nümunəsidir. Həmçinin, bu tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarının davamlı inkişafını və stabilliyini təmin edərək uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.
Risklərin Bölgüsü Proqramı maliyyə sabitliyi və biznesin inkişafını təmin etmək üçün vacib bir alətdir. Gələcəkdə AccessBank və AYİB əməkdaşlıqlarını genişləndirməyi və geniş bir sahibkar kütləsi üçün kapitala çıxışı yaxşılaşdıracaq yeni maliyyə həllərini tətbiq etməyi planlaşdırırlar.
Paylaşmaq