Növbəti Riteyl Bankirlər Məktəbi fəaliyyətə başladı

28 noyabr 2022

AccessBank-da növbəti “Retail Bankers School” (Riteyl Bankirlər Məktəbi) layihəsinə start verildi. Bank, iş təcrübəsi olmayan və karyerasını bankçılıq üzrə qurmaq istəyən məzunları proqrama cəlb edib.

Bakı və bölgələri təmsil edən 14 universitet məzununu 3 mərhələli seçim turlarının nəticəsində seçiliblər. Proqrama Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Bakı Mühəndislik, Azərbaycan Dövlət Neft və Sənaye, Sumqayıt Dövlət və Xəzər Universitetlərinin  məzunları seçilib. 2 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq.

Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar.

Layihənin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir.

Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar. 
Paylaşmaq