AccessBank özünüməşğulluq proqramı çərçivəsində indiyə kimi 59 sahibkara dəstək oldu

30 yanvar 2024

AccessBank aparıcı maliyyə institutu olaraq, Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) inkişafı sahəsində fəaliyyətini davam etdirir və  regionda sahibkarlığın təşviqi üzrə lider və etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Sahibkarlıq fəaliyyətinə davamlı dəstək, o cümlədən, özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi, AccessBank-ın missiyasının tərkib hissəsinə çevrilib. 

Korporativ sosial məsuliyyət (KSM) kompleks tədbirlərinin tərkib hissəsi olan bu proqram çərçivəsində 2023-cü il ərzində Bakı, Quba, Naxçıvan, Babək, Culfa, Şərur, Mərkəzi Aran, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala da daxil olmaqla, ölkənin müxtəlif regionlarında həssas qruplara aid olan 18 sahibkara dəstək tədbirləri göstərilib. Əsasən, sahibkarlar dərzi sexi  və gözəllik salonları üçün avadanlıqlarla təmin olunub. 2021-2023-cü illər ərzində AccessBank özünüməşğulluq proqramı çərçivəsində 59 sahibkarı lazımi avadanlıqla təmin edib.

AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair  2020-ci ildə imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. Layihənin məqsədi əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, işsiz və işaxtaran şəxslərin və s.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
Paylaşmaq